DÜNYA
Kir Starmer “Brexit”dən sonra ilk dəfə Aİ liderlərinin görüşündə iştirak edəcək
London, 30 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer “Brexit”dən sonra ilk dəfə Avropa İttifaqı (Aİ) liderlərinin görüşünə dəvət olunub.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, toplantı 3 fevralda Belçikada keçiriləcək və Aİ liderləri Avropanın təhlükəsizliyi mövzusunda qeyri-rəsmi müzakirələr aparacaqlar. Baş nazir 27 üzv dövlətin liderləri ilə birlikdə Avropa İttifaqı Şurasının yeni prezidenti Antonio Kosta tərəfindən təşkil edilən naharda iştirak edəcək.
Bu, 2020-ci ildə Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra bir britaniyalı baş nazirin ilk dəfə belə bir toplantıya dəvət olunmasıdır. Bu dəvət Britaniyanın Aİ ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London