KİV: “OPEC+” sabah mövcud hasilat məhdudiyyətlərinin uzadılmasına dair saziş imzalayacaq
Bakı, 5 iyun, AZƏRTAC
OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) sabahkı iclasda mövcud hasilat məhdudiyyətlərinin uzadılması (may-iyun göstəricilərinin saxlanılması) üzrə saziş imzalanacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “OPEC+” koaliasiyası danışıqlardakı irəliləmədən sonra neft bazarını canlandırmaq üçün hasilat məhdudiyyətlərini uzatmağa hazırlaşır. “OPEC+” nümayəndələrinin bildirdiyinə görə, kartel və tərəfdaşları şənbə günü bir araya gələrək mövcud hasilat məhdudiyyətlərinin uzadılmasına dair qərar imzalayacaq.
Bildirilir ki, “OPEC+” üzrə lider ölkələr Rusiya və Səudiyyə Ərəbistanı hasilat öhdəliklərinin icrası istiqamətində İraqla müvəqqəti razılaşma əldə edib. Hər iki ölkə istehsal məhdudiyyətləri üzrə öhdəliklərdən boyun qaçırmaması və əvvəllər yerinə yetirməyi öhdəlikləri kompensasiya etməsi üçün İraqa təzyiq göstərir.
Nümayəndələrin sözlərinə görə, iyunun 6-da əvvəlcə OPEC Nazirlər Şurasının 179-cu iclası, daha sonra isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 11-ci görüşü keçiriləcək. Hər iki görüş videokonfrans formatında təşkil olunacaq.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.