Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev vətənə dönüb
Kiyev, 31 may, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.
A.Xudiyev AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, Zabit Quliyevin müalicəsi Bakıda davam etdiriləcək. O, artıq kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirə bilir.
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.
Prezident İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli Qəhrəmanın səhhəti ciddi nəzarətə götürülüb.
Hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyyə İnstitutuna yerləşdirilib, yenidən müayinəsi aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev