KOFİ ANNAN: MÜHARİBƏNİ TƏKCƏ BƏYANATLARLA DAYANDIRMAQ MÜMKÜN DEYİLDİR
Annan xatırlatmışdır ki, sülməramlılar Livan-İsrail sərhədində təqribən 30 ildir fəaliyyət göstərirlər. Hazırda regionda BMT-nin 2 min sülhməramlısı vardır. O, İsrail ilə Livan arasında indiki münaqişədən narahatdır və hesab edir ki, sülhməramlı kontingentin artırılması problemin həllinə təkan verə biləcək konkret iş olardı.
BMT-nin baş katibi demişdir: “Beynəlxalq birlik vəziyyətin düzəlməsi üçün təcili tədbir görməlidir. Mən tədbirlərdən danışdıqda bəyanatları nəzərdə tutmuram, real və konkret işlərdən danışıram. Bu, Yaxın Şərqə sabitləşdirici qüvvələr göndərilməsini təklif etməyimin səbəblərindən biridir. Biz bu işi görməyi Təhlükəsizlik Şurasına təklif edirik”.
Joze-Manuel Barrozu müsahibinin təklifini dəstəkləmişdir. Lakin onun fikrincə, hər bir Avropa ölkəsi regiona qüvvələr göndərmək qərarını fərdi surətdə qəbul etməlidir. Böyük Britaniyanın baş naziri Toni Bleyer də razıdır ki, Livanda sülhməramlı kontingent artırılmalıdır. Onun italiyalı həmkarı Romano Prodi regiona 8 min sülhməramlı göndərməyin mümkün olduğunu bildirmişdir. Lakin söhbət hələlik niyyətlərdən gedir.
Brüsseldə hesab edirlər ki, İsrail ilə Livan arasında münaqişəni yaxın vaxtlarda nizama salmaq çətin ki mümkün olsun. Bu günlərdə Livanda olmuş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana orada yaranmış vəziyyətin çox gərgin olduğunu bildirmişdir.