Komitə sədri: Azərbaycanın gücü bölgələrin gücündədir
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanın gücü bölgələrin gücündədir. Məhz regional iqtisadi siyasət sahəsində bu qədər aydın baxışlar ona imkan verir ki, sonrakı mərhələdə rayonlarımızın inkişafı ilə bağlı çox konkret, aydın tədbirlər həyata keçirilmiş olsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, regionların inkişafının əsas başlıca səbəbi Ümummilli Liderin müəllifi olduğu neft strategiyası ilə bağlıdır. "Əsrin müqaviləsi" imzalanmasaydı, bununla bağlı qətiyyətli mövqe nümayiş etdirilməsəydi, bu gün regionların inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı nə maliyyə təminatı, nə də resurslar olardı. Regionların inkişafı proqramı ilə ölkəmizdə proqramlı idarəetmənin əsası qoyuldu.
“Bu günləri regionların inkişafı Böyük Qayıdış proqramı ilə tamamlanır. Vaxtilə döyüş bölgələri olan ərazilərimiz bu gün quruculuq meydanına çevrilir və bu da bir növ ərazilərin, regionların inkişafını tamamlayan olduqca miqyaslı bir dövlət sənədidir”, - deyə A.Əmiraslanov qeyd edib.