Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır
Bakı, 4 iyul, AZƏRTAC
Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sistemində yeni təsisatdır, yarandığı tarixdən etibarən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına və dövlətçilik ənənələrimizin möhkəmlənməsinə önəmli töhfə verib. Xüsusilə bir sıra konstitusiya normalarının rəsmi şərhi, müxtəlif sahələr üzrə qanunvericiliyin şərhi ilə Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəmənin sədri İnam Kərimov "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda beynəlxalq konfransda söyləyib.
İnam Kərimov bildirib ki, son dövrlərdə Azərbaycanda məhkəmə sahəsində aparılan qanunvericilik islahatları ilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün böyük əhəmiyyətə malikdir. Bu təcrübə hüquqi müəyyənliyi təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə, eləcə də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verir. Konstitusiya Məhkəməsi səlahiyyət və vəzifələrinin əsasını təşkil edən Konstitusiyanın və qanunların şərhi ilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
"44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük Qələbəsindən sonra azad olunmuş ərazilərimizdə Konstitusiyanın birbaşa qüvvəsi təmin edildi. Həmçinin bu möhtəşəm Zəfərlə regionumuzda yeni geosiyasi reallıqlar formalaşdı. Hazırda bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm Azərbaycan, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir. Bu çağırışlara cavab verə biləcək ən önəmli yol birgə əməkdaşlıqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi olaraq biz bütün tərəfdaşlarımızla ölkəmizdə müasir tələblərə cavab verən məhkəmə sisteminin formalaşmasına töhfə verə biləcək istənilən dialoqa və əməkdaşlığa hazırıq", - deyə sədr qeyd edib.