KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda vətəndaş Hacıağa Əliəsgər oğlu Nurinin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 26 sentyabr tarixli qərarını Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və nümayəndələrin çıxışlarını dinləyərək, işin materiallarını araşdırıb müzakirə etdikdən sonra qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Hacıağa Əliəsgər oğlu Nurinin deputatlığa namizədliyinin qeydə alınması barədə 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının qərarının ləğv olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2005-ci il 14 sentyabr tarixli 28Z saylı qərarı üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 26 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.