CƏMİYYƏT
Könüllülər üçün ilk yardımın əsasları təlimi təşkil olunub
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər, Ağdam, Qazax və Füzuli bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrə yeni qoşulmuş könüllüləri üçün Bakı şəhərində “İlk yardımın əsasları” təlimi təşkil edilib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk yardımın məqsədi zərərçəkənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsindən ibarətdir. Həyat göstərir ki, ilk yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibbi təhsilli, ixtisaslı mütəxəssislərin olmadığı şəraitdə yaranır. Həmin vəziyyətlərdə hadisə yerində olanlar tez və qətiyyətli hərəkət etməlidirlər.
Təlim kursunda iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki nümayişlər də göstəriblər. Təlimin sonunda iştirakçılar müxtəlif ssenarili simulyasiya məşğələsində iştirak ediblər. Kursu uğurla bitirən iştirakçılar kursda yer alan mövzularda əsas ilk yardım texnikalarını yerinə yetirə və təcili vəziyyətlərdə ilk yardım postu qurub fəaliyyət göstərə biləcəklər.
Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin təlimçiləri tərəfindən həyata keçirilib.