“Könüllülük - xalqa və dövlətə xidmət örnəyi” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 15 mart, AZƏRTAC
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyinin könüllülərinin birgə təşkilatçılığı ilə “Könüllülük - xalqa və dövlətə xidmət örnəyi” mövzusunda dəyirmi masa keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qədim zamanlardan təşəkkül tapmış könüllülük fəaliyyətinin hazırda daha geniş vüsət aldığını vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqətin nəticəsində gənclər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə könüllü kimi iştiraka daha çox maraq göstərirlər. Bu, onların əmək vərdişlərinə və qanunvericilik bazasına yiyələnmələri baxımından təqdirəlayiqdir.
Qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, YAP könüllüləri qrupunun rəhbəri Anar Əliyev gələcəkdə miqrasiya könüllüləri ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətinə toxunub.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova DMX-nin könüllülərin fəaliyyətinin stimullaşdırılması istiqamətində atdığı addımlardan danışıb. Həmçinin Miqrasiya könüllülərinin sosial layihələri-pandemiya dövründə aztəminatlı ailələrə yardım və əcnəbilərə tibbi qoruyucu vasitələrin paylanması kampaniyalarından bəhs edib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə fəallığı ilə seçilən miqrasiya könüllüləri Müzəffər Ordumuzun rəşadəti və xalqımızın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də töhfələrini veriblər.
Daha sonra “Miqrasiya Könüllüsü” İctimai Birliyinin departamentlərinin fəaliyyətindən danışılıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.