Koreya Respublikasında Xocalı soyqırımının 21-ci ildönümü anılmışdır
Bakı, 1 mart (AZƏRTAC). Fevralın 28-də Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və “BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı”nın, diplomatik korpusun nümayəndələrinin, “İstanbul Kültür Mərkəzi”nin rəhbərliyi, Koreya şirkətlərinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı törədilən Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş, bu soyqırımı aktının insanlığa qarşı vəhşilik və qəddarlıq kimi dəyərləndirmişdir. R.Teymurov faciənin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu, dünya ictimaiyyətinin - xarici dövlətlər və beynəlxalq təşkilatların Xocalı faciəsi ilə bağlı nümayiş etdirdikləri mövqeyi və bu faciənin soyqırımı kimi tanınması barədə iştirakçılara məlumat vermişdir.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bununla yanaşı, tədbirdə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə rəsmi Yerevanın məhəl qoymadığını, Azərbaycan torpaqlarının hələ də işğal altında saxlandığını vurğulamışdır.
Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr edilmiş qısametrajlı film nümayiş etdirilmiş və faciəni əks etdirən fotosərgiyə baxış keçirilmişdir. İştirakçılara Xocalı faciəsi ilə bağlı broşürlər, kitab və jurnallar paylanılmışdır.