“KOROĞLU” TANKERİ İSTİSMARA VERİLMİŞDİR
Mərasim iştirakçıları gəminin göyərtəsinə qalxdılar. Tankerin kapitanı Ağadadaş Həsənov gəmi barədə Baş nazirin müavini Abid Şərifova məlumat verdi. Kapitan dedi ki, idarəetmə sistemi xeyli müasirləşdirilən tankerin təhlükəsiz hərəkəti üçün bir sıra yeniliklər edilmişdir. Kompyuter avadanlığı vasitəsilə gəminin bütün şöbə və sahələrinə nəzarət etmək mümkündür.
Çay-dəniz tipli tankerin uzunluğu 149,9 metr, eni 17,3 metr, bortunun hündürlüyü 10,5 metr, tam yüklə sürəti saatda 11 dəniz mili, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulmuşdur.
Bu tankerdə də heyətin tam rahatlığı təmin edilmişdir. Kayutalarda soyuducu, televizor qoyulmuş, istirahət saatlarında yaxşı dincəlmək üçün lazım olan bütün şərait yaradılmışdır.
Gəmiçiliyin rəisi Aydın Bəşirov bildirdi ki, bu tanker də, əsasən, Qazaxıstan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunması üçün Səngəçal terminalına daşınmasında istifadə ediləcəkdir. Gəmiçilik uzun illər ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı sayəsində səmərəli fəaliyyət göstərmişdir. Bu doğma münasibəti Prezident İlham Əliyev də davam etdirilir. Kollektivimiz göstərilən etimadı doğrultmaq üçün bütün imkanları səfərbər etmişdir. Yeni tankerlərin alınması bu istiqamətdə atılan addımlardandır. Gəmiçiliyin sifarişi ilə “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa edilən beşinci - “Dədə Qorqud” tankerində tamamlanma işləri görülür.
Gəmi ilə tanışlıqdan sonra Abid Şərifov tankerin istismara verilməsi münasibətilə siqnal düyməsini basdı, fit səsi Bakı buxtasına yayıldı. İştirakçılar baş göyərtəyə qalxıb paytaxtımızı seyr etdilər, xatirə şəkli çəkdirdilər.