Kostanaydan dünya çempionatına: azərbaycanlı gənclər Qazaxıstanda tarix yazırlar VİDEO
Kostanay, 9 iyul, AZƏRTAC
Qazaxıstanın Kostanay vilayətində yaşayan azərbaycanlı gənclər idman, elm və yaradıcılıq sahələrində fəal şəkildə özlərini göstərir, eyni zamanda tarixi Vətənin mədəniyyəti ilə möhkəm bağlılığı qoruyub saxlayırlar.
Bu barədə diasporun gənc nümayəndələri AZƏRTAC-ın müxbirinə danışıblar.
Əhmət Baytursınulı adına Kostanay Regional Universitetinin tələbəsi Raminə Həsənova Qazaxıstanda doğulub boya-başa çatsa da, erkən yaşlarından milli incəsənətə böyük maraq göstərir.

“Hazırda Azərbaycan milli rəqsləri ilə məşğul oluram. Mədəniyyətimizə böyük hörmətlə yanaşıram, onu çox yüksək qiymətləndirirəm və bu rəqslərlə məşğul olmaq mənə çox xoşdur”, - deyə o bildirib.
Diasporun gənc nümayəndələrini bir araya gətirən rəqs kollektivi 2025-ci ilin dekabrında yaradılıb.

“Biz Azərbaycan rəqslərini böyük sevgi ilə ifa edir və öyrənirik, onları başqa insanlara, xalqlara nümayiş etdiririk. Çalışırıq ki, hamı bu rəqsləri görsün və bizim kimi sevsin”, - deyə kollektivin üzvü Ramilə Bayramova qeyd edib. Diasporun gənc fəalları qeyd edirlər ki, onların fəaliyyəti təkcə mədəniyyət sahəsi ilə məhdudlaşmır.

“Biz Qazaxıstanda Azərbaycan gənclərinin vahid ailəsi kimi fəaliyyət göstəririk. Mədəniyyətimizi təqdim etməklə yanaşı, akademik səviyyədə də özümüzü göstəririk: əksəriyyətimiz tələbədir və universitetlərimizin nəzdində Azərbaycana həsr olunan elmi məqalələr yazırıq”, - deyə gənclər fəallarının nümayəndəsi Zaka Zakiyev bildirib.
Kostanaylı gənclər idmanda da nəzərəçarpacaq uğurlar qazanırlar. Qazaxıstanın qarışıq döyüş sənətləri (MMA) üzrə milli komandasının üzvü Elnur Yusifov bildirib ki, bu idman növünə sərbəst güləş və boksdan gəlib, topladığı təcrübəni birləşdirməyə qərar verib.

Bu gün o, Qazaxıstan çempionatlarının dəfələrlə mükafatçısı, vilayət birinciliklərinin dəfələrlə qalibi, MMA, pankration və qrapplinq üzrə idman ustalığına namizəddir. “Kostanay şəhərində yaşayıram, burada da anadan olmuşam. Azərbaycana, qohumlarıma və xalqıma böyük salamlarımı çatdırıram. Birliyimiz möhkəm olsun!”, - deyə idmançı vurğulayıb.
Onun həmyerlisi, yunan-Roma güləşçisi Alixan Dursunov bu idman növü ilə on yaşından məşğuldur. 20 yaşında o, artıq Qazaxıstan çempionudur, 2025-ci ildə Asiya çempionatının bürünc, 2026-cı ildə isə gümüş mükafatçısı olub. Hazırda idmançı dünya çempionatına hazırlaşır.

“Hansı fəaliyyətlə məşğul olursunuzsa olun - istər idman olsun, istər iş - ona maksimum diqqət yetirin. Zirvələrə və yüksək nəticələrə çatmaq istəyirsinizsə, bütün gücünüzü buna sərf edin, o zaman hər şey alınacaq”, - deyə o, gənclərə müraciət edib, Kostanaydan Azərbaycan xalqına salamlarını çatdırıb.
İcmanın həyatında qızlar da fəal rol oynayırlar. Qazaxıstanın məhkəmə sistemində çalışan 21 yaşlı Leyla Kərimova “Birlik” gənclər təşkilatının qadınlar qanadına rəhbərlik edir.

“Kostanaylıların ən çox sevdiyi musiqi nümunələrindən biri “Biz iki dövlət, bir millətik” mahnısıdır. Mən Azərbaycan mahnılarını doğma dilimdə sevgi ilə ifa edirəm. Azərbaycan-Qazaxıstan dostluğu həmişə daimi və möhkəm olsun”, - deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan diasporu Kostanay vilayətinin ən fəal etnomədəni icmalarından biridir, onun gənclər qanadı isə Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verən tələbələri, idmançıları və gənc mütəxəssisləri birləşdirir.