Kukla Teatrının tamaşası qardaş ölkədə beynəlxalq festivalda maraqla qarşılanıb
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyədə keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Barış Manço Mədəniyyət Mərkəzində keçirilən nümayişin ardınca Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzinin rəhbəri, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə türkiyəli həmkarı - UNİMA-nın Türkiyə təmsilçisi Enis Ergünlə görüşdə qarşılıqlı səfərlərin, ustad dərslərinin təşkili, eləcə də kukla sənəti üzrə mübadilə istiqamətində yeni əməkdaşlıqlar barədə söhbət aparılıb.
Tədbir çərçivəsində teatr heyətimizin festivalın direktoru, Bursa Bələdiyyəsinin sədr müavini, Bursa Mədəniyyət, İncəsənət və Turizm vəqfinin rəhbəri Fəhim Fərik ilə görüşü keçirilib.
Azərbaycanlı kuklaçıların çıxışını yüksək qiymətləndirən festival direktoru yaradıcı heyətin peşəkarlığı və onlara olan böyük tamaşaçı heyranlığından danışıb. Teatrın direktoru Rəşad Əhmədzadə milli kukla sənətimiz, onun tarixi və Azərbaycanda olan kukla teatrları barədə ətraflı məlumat verib.
Görüşdə növbəti il Bursada keçiriləcək mədəniyyət tədbirlərinə dəvət məsələləri də müzakirə olunub.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə təşkil olunan festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə türkdilli ölkələri bir araya gətirib.
Azərbaycan xalq nağılı əsasında hazırlanan səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır.
Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz ilə əlaqələndirməklə ona əlavələr edərək fərqli prizmadan baxmağa çalışıb.
Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da səhnə əsərinin quruluşçu əməkdaşları müasir uşaqlar üçün maraqlı olan elementləri də daxil ediblər.