Kürdəmirdə Aprel döyüşlərində qazanılan qələbənin ildönümü qeyd olunub
Kürdəmir, 3 aprel, AZƏRTAC
Kürdəmirdə qələbə ilə başa çatan 2016-cı ilin dörd günlük Aprel döyüşlərinin beşinci ildönümü qeyd olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu münasibətlə keçirilən tədbir Aprel döyüşlərində qəhrəmancasına həlak olan baş leytenant Əbubəkr İsmayılovun Kürdəmir şəhərinin Heydər Əliyev prospektindəki xatirə lövhəsinin qarşısına gül qoyulması ilə başlayıb.
Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Aprel döyüşlərində, eləcə də ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb. Vurğulayıb ki, şəhid Əbubəkr İsmayılovun və onun kimi yüzlərlə Vətən oğlunun xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.
Çıxışlarda torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının canları, qanları bahasına hər birimizə çoxdan gözlədiyimiz qələbə sevincini bəxş etdikləri vurğulanıb. Sonra tədbir iştirakçıları Aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Tural Qurbanovun Sığırlı kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər. Mərasimdə şəhər 1 sayılı tam orta məktəbin şagirdlərinin ifasında ədəb-bədii kompozisiya nümayiş olunub.