Lalə Xəlilzadə: İslamofobiya cəmiyyətlərdə qütbləşmə yaradan sistematik yanaşmadır
Bakı, 27 may, AZƏRTAC
İslamofobiya yalnız fərdi diskriminasiya forması deyil. O, cəmiyyətlərdə parçalanma, düşmənçilik və qütbləşmə yaratmaq məqsədi güdən sistematik yanaşmadır. Bu təhlükəyə qarşı reaksiya emosiyaya deyil, davamlılığa və dözümlülüyə əsaslanmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi Lalə Xəlilzadə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusunda panel iclasda deyib.
İslamofobiya ilə mübarizədə öz şəxsi təcrübəsini bölüşən L.Xəlilzadə əlavə edib: “Ermənilərin Qarabağda azərbaycanlılara məxsus məscidləri təhqiramiz şəkildə dağıtdığı və hətta heyvandarlıq üçün istifadə etdiyi faktını sübutlarla sosial platformaların birində paylaşdım. Bu yazıya görə bəzi xarici sosial media istifadəçiləri tərəfindən mənə təzyiqlər oldu, həmin hissəni silmək üçün müraciətlər edildi. Amma mən geri çəkilmədim. Çünki bu faktlar islamofobiyanın təkcə fərdi deyil, həm də institusional formada mövcud olduğunu sübut edir”.
L.Xəlilzadə qeyd edib ki, islamofobiya ilə mübarizə gənclərin əlindədir. Bu nifrətə qarşı çıxmaq təkcə müsəlman gənclərin yox, bütün ədalətli insanların borcudur.