Latviya Prezidentinin ölkəmizə səfəri strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfədir ŞƏRH
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan və Latviya arasındakı münasibətlər qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə davamlı inkişaf yolu keçib və Prezident İlham Əliyevin 2017-ci ilin iyul ayında bu ölkəyə səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə yeni mərhələyə qədəm qoyub. Torpaqlarımızın işğal altında olduğu dövrdə Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ölkələrdən biri olması da xüsusi önəm daşıyır. Xüsusilə bu ilin mart ayında Prezident İlham Əliyevlə Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən telefon danışığı və Latviya Prezidentinin nümayiş etdirdiyi dəstək iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun bariz göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.
Onun sözlərinə görə, Prezident Edqars Rinkeviçsin Azərbaycana hazırkı rəsmi səfəri və bu çərçivədə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır. Səfər həm ikitərəfli əlaqələrin strateji xarakterini bir daha təsdiqlədi, həm də Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi körpülərin qurulması üçün real zəmin yaratdı.
“Səfər çərçivəsində prezidentlərin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev iqtisadi əlaqələrin intensivləşdirilməsinə xüsusi diqqət ayırdı. Şübhəsiz ki, səfərdən əvvəl Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Dövlətimizin başçısı ticarət dövriyyəsinin mövcud səviyyəsinin tərəfləri qane etmədiyini vurğulayaraq, səfər çərçivəsində təşkil olunan biznes-forumun bu sahədə irəliləyişə təkan verəcəyini bildirdi. Forumdakı çıxışında isə Prezident İlham Əliyev Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri və gələcək inkişaf strategiyasını konkret rəqəmlərlə təqdim etdi. Qeyd olundu ki, ölkəmizin iqtisadiyyat, enerji, xüsusilə bərpaolunan enerji, eləcə də nəqliyyat-logistika sahələrində qazandığı uğurlar Latviyanın biznes dairələri üçün yeni imkanlar yaradır”, – deyə deputat diqqətə çatdırıb.
Z.Şükürov bildirib ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi artıq reallıqdır və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Hazırda əsas hədəf bu dəhlizlərin rəqəmsallaşdırılması yolu ilə daşımaların sürətləndirilməsi və rəqabət qabiliyyətliliyin artırılmasıdır. Bundan əlavə, Azərbaycanın aviasiya sahəsindəki üstünlükləri də bu kontekstdə mühüm rol oynayır və dövlətimizin başçısı bu məqama xüsusi diqqət çəkib. Qlobal enerji böhranı və aviayanacaq çatışmazlığı fonunda ölkəmizin hava yolları infrastrukturunun sabitliyi və resurs təminatı Azərbaycanın mühüm tranzit qovşağı kimi mövqeyini gücləndirir. Bu baxımdan birbaşa uçuşların bərpası və genişləndirilməsi həm turizm, həm də biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradır.
“Səfər çərçivəsində iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində vacib addımlar atılıb. Dövlət başçıları tərəfindən qəbul olunan Birgə Bəyanat və imzalanmış sənədlər həm siyasi, həm də digər sahələr üzrə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə Latviya Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yalnız formal deyil, real siyasi və iqtisadi müstəvidə inkişaf etdiyini göstərir. Azərbaycan və Latviya fərqli regionlarda yerləşsələr də, suverenlik, beynəlxalq hüququn aliliyi, iqtisadi müstəqillik və regional sabitlik kimi ortaq dəyərləri paylaşırlar. Ümid edirik ki, Bakıda əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər və qurulan biznes əlaqələri yaxın illərdə münasibətlərin daha da inkişafına mühüm töhfə verəcək”, - deyə deputat əlavə edib.