REGİONLAR
LAYİHƏLƏR HEYVANDARLIĞIN İNKİŞKAFINAXİDMƏT EDİR
Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən ilin noyabrında Ağdaş, Ucar və Beyləqan rayonlarında “Heyvandarlıq (qoyunçuluq) məhsulları istehsalının səmərəliliyinin artırılması imkanlarını təmin edən texnologiyanın tətbiqi”, Şəmkir və Tərtərdə “Buzovların bəslənilib saxlanılmasında mütərəqqi texnoloji üsulların tətbiqi”, Qubada “Heyvanların fassiolyozu və mədə-bağırsaq nematodozlarına qarşı inteqrə edilmiş mübarizə tədbirlərinin tətbiqi” layihələri yekunlaşmışdır.
Hazırda Yevlax, Xanlar, Şəki, Zaqatala, Samux, Quba və Qusar rayonlarında daha dörd layihə həyata keçirilir.
Həmin layihələrdən biri Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun Kənd Təsərrüfatı Akademiyası və “Alyans” məhdud məsuliyyətli müəssisəsi ilə əməkdaşlıqda Xanlar, Şəki, Zaqatala rayonlarında həyata keçirdiyi və bu ilin mayında bitəcək “Kiçik fermer təsərrüfatlarında kökəldilən cavan qaramalın və sağmal inəklərin səmərəli yemləndirilməsi texnologiyasının tətbiqi və nümayişi” layihəsidir. Layihədən məqsəd bioloji cəhətdən balanslaşdırılmış yem payının tətbiqi ilə kökəldilən cavan qaramalın və sağılan inəklərin məhsuldarlığını yüksəltməkdir. Nəzərdə tutulmuşdu ki, 180 gün ərzində üç rayonun 15 kiçik fermer təsərrüfatında 45 baş cavan mal-qaranın diri çəkisi 160-165 kiloqram artmalı, həmin təsərrüfatlar üzrə 7,3 ton diri çəki əldə edilməlidir.
Mütəxəssislərin fikrincə, işlərin gedişi sübut edir ki, qarşıya qoyulan məqsədə nail olunacaqdır. Layihə yekunlaşandan sonra bölgənin 300-ə yaxın fermeri ətlik və südlük qaramalın səmərəli yemləndirilməsi texnologiyası üzrə bilik və vərdişlər əldə edəcəkdir.