LAYİHƏLƏR KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINA XİDMƏT EDİR
Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin xarici ölkələr, beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığı sayəsində sahənin inkişafına təkan verən müxtəlif layihələr həyata keçirilir. Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2000-ci ilin fevralında bölgələrdə tətbiq edilən “Kənd təsərrüfatının inkişafı və kreditləşməsi” layihəsi Dünya Bankı, Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilir. Artıq Naxçıvan, Gəncə və Şəkidə regional məsləhət mərkəzləri, 10 regionda isə baytarlıq xidmətləri mərkəzi və torpaq qeydiyyatı xidməti fəaliyyət göstərir. Bu mərkəzlərdə xüsusi təlim keçmiş mütəxəssislər fermerlərə qabaqcıl texnologiya, bazarın tədqiqi, məhsulun bazara çıxarılması, bazar iqtisadiyyatının mexanizmi barədə məlumat və məsləhətlər verirlər. İndiyədək torpaq qeydiyyatı, torpaq bazarı, aqromarketinqin təşkili, pestisidlərin tətbiqi, kənd təsərrüfatının kreditləşməsi mövzularında informasiya kampaniyaları keçirilmişdir.
Hazırda buğda üzrə də bir neçə layihə reallaşdırılır. Belə ki, Bərdənin Yeni Daşkənd kəndində fermer Səttar İsmayılov, Tərtərin İrəvanlı kəndində Namiq Məmmədov “Nurlu” sortunun hər hektarından 70 sentner, Bərdənin Zümürxaç kəndində Kərim Abbasov “Qiymətli- 2\17” sortunun hər hektarından 65 sentner, “Turan” sortundan 55 sentner, Mirzəbəyli kəndində Əhməd İbrahimov “Azəri” sortundan 50 sentner məhsul götürmüşlər. Onların Qobustan rayonunun Çalov kəndindən olan həmkarı Atasoltan Cahangirov dəmyə şəraitdə “Əkinçi” və “Bərəkətli” sortlarının məhsuldarlığını hər hektardan müvafiq olaraq 29 və 26 sentnerə çatdırmışdır. Fermerlərin bu göstəriciləri əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə çoxdur.