Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb
Lənkəran, 2 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda mikroavtobus minik maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı mikroavtobus "KİA" markalı avtomobillə toqquşub. Nəticədə 5 nəfər - Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991-ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001-ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994-cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005-ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006-cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.