Lənkəranda könüllülər üçün növbəti təlim keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri üçün Lənkəran şəhərində növbəti təlim təşkil edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatının inkişafına dəstək vermək, o cümlədən əhaliyə zəruri yardım göstərməyə hazır olan könüllüləri formalaşdırmaqdan ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə FHN-in yerli qurumlarının, “Regional İnkişaf” İctimai Birliyinin, Lənkəran Tibb Kollecinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları və könüllülər iştirak ediblər.
Açılış mərasimində FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov, “Regional İnkişaf” İctimai Birliyinin bölmə rəhbəri İlkin Muradov və Lənkəran Tibb Kollecinin şöbə müdiri Solmaz Babayeva iştirakçıları salamlayaraq layihənin əhəmiyyəti, məqsəd və hədəfləri barədə ətraflı məlumat veriblər.
Sonra təlimə start verilib. Təlim şərti yanğının söndürülməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi, “yaralıların” təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi, çadırların qurulması və “zərərçəkmişlərin” müvəqqəti yerləşdirilməsi istiqamətlərində keçirilib.
Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.