Lənkəranda məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar
Lənkəran, 19 yanvar, İlkin Adıyev, AZƏRTAC
77 saylı Lənkəran şəhər seçki dairəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar treninqlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün keçirilən treninqdə dairə seçki komissiyasına daxil olan 41 məntəqədən nümayəndələr qatılıb.
Treninqlərdə seçkilərin keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının üzvləri maarifləndirilir, onların rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması mövzuları izah olunur.
Məntəqə seçki komissiyaları üzvlərinin fəallığı şəraitində keçən treninqlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılır, onlara MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun və bir sıra digər zəruri sənədlərin nümunələri paylanılır.
Qeyd edək ki, 77 saylı Lənkəran şəhər seçki dairəsinə 41 məntəqə daxildir və 49 min 18 nəfər seçici qeydə alınıb.