Lənkəranda növbəti “patı” əməliyyatı: 7 nəfər saxlanılıb
Bakı, 17 iyul, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, “şüşə" kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar nəticəsində ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov 1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən saxlanılıblar. S.Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalarla həmin narkotik vasitə və psixotrop maddənin Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə edildiyi müəyyən olunub və həmin şəxs polis əməkdaşları tərəfindən yaxalanıb. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayev saxlanılıblar. Onların üzərindən ümumilikdə 20 bükümdə heroin və metamfetamin və dörd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.