Lənkəranda polis veteranları 237 cinayətin açılmasında iştirak ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Son illər ölkənin bütün bölgələrində polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir, ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikasında və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı üzrə tədbirlərin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində onların fəallığı artıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) veteranlar şurasının sıralarında daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmiş 161 polis veteranı var. Onlarla müntəzəm əlaqə saxlanılır.
Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətov veteranların qayğılarını diqqətdə saxlayır, vaxtaşırı keçirilən görüşlərdə onlara cari məsələlərin həllinə əməli kömək göstərir. Bu ilin on ayı ərzində veteranların qarşılaşdıqları sosial problemlərin həllinə diqqət daha da artırılıb.
Rayon ərazisində dini radikalizmlə mübarizə tədbirləri çərçivəsində polis əməkdaşları veteranlarla birgə fəaliyyət göstərirlər. Şuranın üzvləri rayonun ən böyük məscidlərində dini maarifləndirmə tədbirlərinə qatılıblar. Onlar müxtəlif dini mərasimlər zamanı müəyyənləşdirilən qaydalara riayət edilməsinə bir ağsaqqal olaraq diqqət yetirirlər.
İlin əvvəlindən bu günədək veteranlar ümumtəhsil məktəblərində 46 görüş keçiriblər. Bu görüşlərdə milli mənəvi dəyərlərin qorunması, hüquqi maarifləndirmə, narkotik vasitələrin fəsadları, cinayətkarlıqla mübarizədə və asayişin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr barədə profilaktik söhbətlər aparılıb.
Ən başlıcası isə göstərilən müddət ərzində veteranların iştirakı ilə 237 cinayətin açılması təmin olunub.