Lənkəranda qanunsuz fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Lənkəranda qanunsuz fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən, Tağıyev Əyyar Təyyar oğluna məxsus şirniyyat istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.