Lənkəranda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Lənkəran, 12 dekabr, İlkin Adıyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, gənclər və şəhər ictimaiyyətinin müxtəlif təbəqələrindən olan iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Onlar abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Lənkəran şəhər Heydər Əliyev Mərkəzində davam edib. Tədbir iştirakçıları burada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş muzeyə baxış keçirib, Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.