LƏNKƏRANDA UŞAQLAR VƏ GƏNCLƏR ÜÇÜN DÜŞƏRGƏ TƏŞKİL EDİLMİŞDİR
Lənkəran, 28 sentyabr (AZƏRTAC). Lənkəran rayonundakı “Palıdlı sahil” istirahət mərkəzində “Sağlam gənclik-sağlam gələcək” devizi ilə uşaqlar və gənclər üçün düşərgə fəaliyyətə başlamışdır. Düşərgəni “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə açmışdır.
Düşərgə 2010-cu ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunları ilə bağlı Böyük Britaniyanın həyata keçirdiyi “Beynəlxalq idman həyəcanı” proqramına müvafiq olaraq Şirvan şəhərində və Hacıqabul rayonunda reallaşdırılan “HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə uşaq və gənclərin iştirakının artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Həmun rayonlardan gəlmiş 24 uşaq və gənc bir həftə müddətində burada dincəlməklə yanaşı, təlim məşğələlərində, idman yarışlarında və müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Düşərgənin açılış mərasimində çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, ölkəmizə səfəri çərçivəsində Lənkərana gəlmiş Litva Seymi nümayəndə heyətinin başçısı Çeslovas Stankəviçus, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Gənclər və İdman Nazrinin müavini İsmayıl İsmayılov, Böyük Britaniyanın İdman Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mehman Kərimov “Uşaq ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, Azərbaycanda gənc nəslin sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması və hərtərəfli inkişafı üçün hər cür şəraitin olduğunu vurğulamış, son illər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirləri və idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurları diqqətə çatdırmışlar.
Düşərgə başa çatdıqdan sonra Lənkəranda istirahət edən uşaqların və gənclərin iştirakı ilə Şirvan şəhərində və Hacıqabul rayonunda idman festivalı təşkil ediləcəkdir. Festivalda HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklər, onların fəsadları və bu pis vərdişlərdən qorunmaq yolları barədə ictimaiyyətə məlumat verilcəkdir.
######
![]() |
![]() |

