Levan Nikoleişvili: Prezident İlham Əliyevin siyasəti regionda sülhün təmin olunmasına xidmət edir
Tbilisi, 1 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həm ölkə, həm də region dövlətləri üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi, analitik, professor Levan Nikoleişvili bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan və Ermənistan arasında, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunda sülhün təmin olunmasına xidmət edir. Bu, son dərəcə vacibdir və Gürcüstan tərəfindən də alqışlanır.
Professor qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi layihələr - istər müxtəlif nəqliyyat marşrutlarının inkişafı, istərsə də digər infrastruktur obyektlərinin daha keyfiyyətli şəkildə qurulması ilə bağlı layihələr - şübhəsiz ki, Cənubi Qafqazın bütün ölkələri üçün faydalıdır.
"Əsas üstünlüyümüz məhz Cənubi Qafqazın üç ölkəsinin bir-biri ilə sülh şəraitində yaşaması, iqtisadi əlaqələr qurması və mehriban qonşuluq münasibətlərini inkişaf etdirməsidir. Biz bunu Gürcüstanın timsalında aydın şəkildə görürük. Bildiyiniz kimi, Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var və bu qarşılıqlı əlaqələr, qarşılıqlı asılılıq həqiqətən də ölkələrin daha da güclənməsində mühüm rol oynayır", - deyə analitik bildirib.