SİYASƏT
Leyborist Partiyasının konfransında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu müzakirə edilib
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, Leyborist Partiyasının iki tanınmış siması, “Kölgə kabineti”nin energetika naziri Tom Qreatex, enerji və iqlimin dəyişməsi komitəsinin üzvü Qreham Strinqer Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın vacib rol oynadığını bildiriblər. Qeyd ediblər ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan dünyada etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro Avropa enerji böhranının səbəblərindən danışaraq deyib: “Məlum olduğu kimi, Böyük Britaniyanın elektrik enerjisinin yarısı təbii qaz vasitəsilə istehsal olunur. Britaniyadakı istehsal sürətlə azalır və son 3 ildə bu azalma 30 faiz olub. 2020-ci ildə biz Britaniya istehlakının 70 faizini idxal edəcəyik. Milli Enerji Sisteminin məlumatına görə, Britaniyanın köhnəlmiş enerji stansiyalarının tələb olunan miqdarda enerji istehsal etmək qabiliyyətinin olmaması səbəbindən bu ilin qışında enerjinin verilməsində fasilələr yaranacaq. Avropa İttifaqı ölkələrində qazın qiymətindəki cüzi artım Britaniyada enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olur. Bütün bu amillər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu daha da artırır”.