“Libya” dövlət televiziyasında “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş olunmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Liviyadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən səfir Ağasəlim Şükürov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan bu faciənin mahiyyətindən danışmış, Qanlı Yanvarın xalqımızın azadlıq mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd etmişdir. Səfir hadisəyə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə siyasi-hüquqi qiymətin verildiyini bildirmiş, şəhidlərin adının əbədiləşdirilməsində ulu öndərin xidmətlərini yüksək qiymətləndirilmişdir.
A.Şükürov sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımızın bu faciəni unutmadığını, 20 Yanvarın dünya ictimaiyyətinə daha yaxından tanıdılmasının hər bir azərbaycanlının başlıca məqsədlərindən olduğunu vurğulamışdır. Diplomat Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Səfirlik tərəfindən 20 Yanvar faciəsi ilə bağlı ərəb və ingilis dillərində mətbuat məlumatı hazırlanaraq bu ölkənin Xarici İşlər Nazirliyinə, aparıcı kütləvi informasiya vasitələrinə, o cümlədən Liviya Xəbərlər Agentliyinə, Tripoli Strateji Araşdırmalar Mərkəzinə, Liviyada akkreditə olunmuş diplomatik nümayəndəliklərə və Misir Mədəniyyət Mərkəzinə göndərilmişdir.
Bununla yanaşı, yanvarın 20-də “Libya” dövlət televiziyasında 20 Yanvar barədə məlumat verilmiş, ərəb dilində “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir. Həmçinin, “Libya” qəzetinin 20 yanvar tarixli nömrəsində “Azərbaycan xalqı 20 Yanvar faciəsini yad edir” başlıqlı məqalə dərc olunmuşdur.