Litvada Azərbaycan basketbolunun inkişafı ilə bağlı müzakirələr aparılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Litva Milli İdman Agentliyinin dəvəti ilə Vilnüs şəhərinə səfər edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər ölkələr arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.
Səfər çərçivəsində nümayəndə heyəti “NBA Basketball School” basketbol məktəbinə və Litva Böyük Hersoqlarının Sarayına ekskursiya ediblər. Ardınca Litva Körlinq Federasiyasının baş katibi ilə görüş keçirilib, eləcə də basketbol idman növünün Azərbaycanda inkişafı barədə danışıqlar aparılıb.
Səfər müddətində Vilnüs şəhərində yerləşən tennis, badminton və squaç idman növləri üçün nəzərdə tutulan “SEB” Arenaya ziyarət təşkil olunub. Daha sonra İdman Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə idmanın inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.