Litvada da Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Diplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə Litva Seyminin üzvü Mantas Varaşka deputat seçildiyi Mariampol regionundakı iki orta təhsil məktəbində 12-ci siniflər üçün Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil edəcəkdir. Litvalı deputat məktəblilərə 19 il əvvəl Xocalıda törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verəcək, foto, video və çap məlumatları təqdim edəcəkdir. Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskaya “Xocalıya ədalət” loqosu ilə köynəkləri, döş nişanları və s. məktəblilərə paylamaq üçün M.Varaşkaya təqdim etmişdir.
Bu məktəblərdə səfirliyimizin Litva və ingilis dillərində hazırladığı məlumatlar əsasında Xocalı soyqırımına həsr olunmuş tarix dərsləri keçiriləcəkdir. Nəzərdə tutulmuşdur ki, bu materiallar məktəblərin fondunda qalacaq, Xocalı soyqırımına həsr olunmuş tarix dərslərinin keçirilməsi isə gələcəkdə də davam etdiriləcəkdir.
Bundan əlavə, fevralın 25-də Heydər Əliyev Fondunun xətti ilə bu ölkədə təhsil alan azərbaycanlı tələbələr səfirliyimizin dəstəyi ilə Kaunas Universitetində Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçirəcəklər. Mərasimdə 200-dək tələbə ilə yanaşı, Kaunas ictimaiyyətinin nümayəndələri, xarici vətəndaşların iştirakı gözlənilir. İştirakçılara Xocalı qətliamına dair materiallar nümayiş etdiriləcək, səfirliyimizin dəstəyi ilə Litva və ingilis dillərində çap edilmiş buklet və broşürlər paylanacaqdır.
Litva Seymində isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənəvi xarakter almışdır. Bu il də fevralın 25-də səfirliyimizin dəstəyi ilə deputat Mantas Adomenasın təqdimatında Litva Seymində anma mərasimi keçiriləcəkdir. Mərasimdə deputatlar, ictimaiyyət nümayəndələri, tələbələr, Litvada yaşayan soydaşlarımız iştirak edəcəklər. “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçiriləcək mərasimdə Litva və Avropanın bır sıra ölkələrinin liderlərinə müraciət ünvanlanacaq, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması, soyqırıma beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsi tələb olunacaqdır.