“Lockheed Martin” NASA-nın Aya göndərəcəyi 12 kosmik gəminin inşası kontraktını alıb
Bakı, 24 sentyabr, AZƏRTAC
“Lockheed Martin” şirkəti ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Artemis” proqramı çərçivəsində Aya göndərəcəyi 12 ədəd “Orion” kosmik gəmisinin inşası kontraktını alıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bunu sentyabrın 24-də NASA-nın direktoru Ceyms Braydenstayn özünün “Twitter” səhifəsində bildirib.
NASA-nın rəhbəri “Lockheed Martin” şirkəti ilə imzalanmış kontraktı “2024-cü ildə ilk qadın astronavtın da daxil olacağı pilotlu missiyanı Ayın səthinə endirəcək” “Artemis” proqramının həyata keçirilməsində mühüm bir mərhələ adlandırıb. O əlavə edib: “Bu gün “Lockheed Martin” şirkəti ilə 12 missiyanı təmin edəcək istehsal xəttinə dair kontraktı imzaladıq”.
NASA-nın məlumatına görə, “Lockheed Martin” şirkəti 2030-cu il sentyabrın 30-dək minimum 6, maksimim isə 12 kosmik gəmi inşa etməyi öhdəsinə götürüb. Kontraktın şərtlərinə görə, ilk üç “Orion” gəmisinin dəyəri 2,7 milyard, daha sonrakı ikisinin isə 1,9 milyard dollardır.
NASA bəyan edib ki, Ayın tədqiqi üzrə yeni proqram “Artemis” adlanacaq. O, üç mərhələdən ibarət olacaq: Birinci mərhələdə - 2020-ci ildə “Orion” pilotsuz kosmik gəmisinin Ayın orbitində sınaq uçuşları və onun yerə qayıtması, ikincidə - 2022-ci ildə pilotlu missiyanın Yerin təbii peykinin ətrafında uçuşu nəzərdə tutulur. Nəhayət, 2024-cü ildə Amerika astronavtlarının Ayın səthinə enməsi həyata keçiriləcək.
Mayda Prezident Donald Trampın Ay missiyasına 1,6 milyard dollar ayırmasından sonra Ağ ev bəyan edib ki, daha 21 milyard dolların ayrılması məqsədilə Konqresə müraciət göndəriləcək. Maliyyə vəsaitinin ABŞ-da yeni maliyyə ilinin əvvəlində - oktyabrın 1-də veriləcəyi gözlənilir.