SİYASƏT
Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi Zəfər bayramı keçirilib
London, 8 noyabr, AZƏRTAC
Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi Zəfər bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, soydaşlarımız və dəvət olunan müxtəlif Türk dövlətlərinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev tədbiri açaraq qonaqları və onların simasında bütün Azərbaycan xalqını İkinci Qarabağ müharibəsinin möhtəşəm zəfərinin ildönümü münasibətilə təbrik edib. O, xaricdə yaşayan azərbaycanlıların da müharibə dövründə dövlətimizin ətrafında sıx birləşdiyini xatırladaraq bundan sonra da bu birliyi davam etdirməyin vacib olduğunu bildirib. Baxşəliyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında ölkə xaricində yaşayan həmvətənlərimizin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra çıxış edən Azərbaycan Respublikasının Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edərək Azərbaycanın Türk dünyasının ayrılmaz hissəsi olduğunu xüsusilə vurğulayıb. Səfir bu Zəfərin hələ başlanğıc olduğunu bildirərək iştirakçıları bundan sonra daha böyük Zəfərlərin olacağına əmin edib. E.Süleymanov Güney Azərbaycan və Türkiyədən olan qonaqları xüsusi salamlayaraq bizim bir millət olduğumuzu xatırladıb.
Daha sonra tədbirin bədii hissəsi keçirilib.
İştirakçılar belə görüşlərin xalqımızın və xüsusən də xaricdə yaşayan azərbaycanlıların birliyinin daha da möhkəmlənməsində çox önəmli rol oynadığını, onları mənəvi cəhətdən daha da yaxınlaşdırdığını bildiriblər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London