LONDONDA BTC CO. DİREKTORLAR ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Tərəflər sənədləri nəzərdən keçirdikdən sonra sazişlər paketini bəyənmişlər. Xəbər verildiyi kimi, imzalanma mərasimi fevralın 3-də olacaqdır. Bütün kreditorlarla 27 sazişdən ibarət paket imzalanacağı gözlənilir. Layihəyə cəlb edilən borc vəsaitlərinin ümumi məbləği, kreditlər üzrə faizlər də daxil olmaqla, 2,6 milyard dollardır. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi üçün ümumən 2,95 milyard dollar tələb olunacaqdır. Layihənin ümumi dəyəri, kredit faizləri də daxil olmaqla, 3,6 milyard dollardır. Bütövlükdə BTC layihəsi üçün kreditləri dörd qrup ayıracaqdır. Birinci qrupa kredit ayıran, eləcə də kommersiya bankları üçün zəmanətlər verən beynəlxalq maliyyə təşkilatları (AYİB, BMK) daxildir. İkinci qrupa iqtisadi cəhətdən inkişaf etmiş altı dövlətdən – ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan material və avadanlıq gətirilməsini maliyyələşdirmək üçün kommersiya banklarına zəmanətlər verən ixrac-kredit agentlikləri aiddir. Üçüncü qrup kommersiya banklarından ibarətdir. Onların sayı 10-dan 30-dəkdir. Dördüncü qrupa isə layihə üçün kreditlər ayıracaq bp, “Statoyl”, “Total” və “ConocoPhillips” kimi iri şirkətlər daxildir. bp şirkəti 500 milyon, “Statoyl” isə azı 170 milyon dollar ayırmağa hazırdır.
Neft kəmərinin Azərbaycan hissəsi 2004-cü ilin sentyabrına, Gürcüstan hissəsi oktyabrına kimi, Türkiyə hissəsi isə ilin sonunadək hazır olmalıdır. Azərbaycan neftinin Ceyhan limanından ixracına 2005-ci ilin 2-ci rübündə başlanacağı gözlənilir.