Los Anceles yəhudi icmasından Azərbaycan yəhudilərinə Tövrat hədiyyəsi
Vaşinqton, 6 fevral, AZƏRTAC
ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqu tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövrat (Sefer Torah) hədiyyə edilib. Xüsusi perqament üzərində tərtib edilmiş Tövrat Los-Ancelesdə yaşayan yəhudi icmasının ianələri hesabına İsraildə hazırlanıb.
Hədiyyənin təqdim olunması ilə bağlı Sinay Sinaqoqunda geniş mərasim keçirilib. Mərasimdə Kaliforniya yəhudilərinin 400-dən çox aparıcı nümayəndəsi ilə yanaşı, Azərbaycandan olan nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və həmin icmanın ravvini Avraam Yakubov yer alıblar.
Mərasimin açılışında Sinay Sinaqoqunun kantoru Markus Fildmənin Azərbaycanın dövlət himnini ifa etməsi və ölkəmizin təqdimatına dair video-çarxın nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və İsrailin baş konsulu Deyvid Siql çıxış ediblər. N.Ağayev Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edərək, ölkəmizdə müxtəlif dini etiqadlara göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyini vurğulayıb. O, həmçinin bir neçə gün əvvəl İsrail prezidenti Ruven Rivlinin BMT-də Holokostun beynəlxalq anımı günü ilə bağlı çıxışı zamanı Xocalı qətliamını xatırlatmasına diqqət çəkərək, bunun yüksək tarixi, siyasi və mənəvi önəm daşıdığını bildirib.
Çıxışlardan sonra dünya yəhudiləri arasında xüsusi nüfuza malik, eləcə də “Time” jurnalı tərəfindən ABŞ-ın ən tanınmış yəhudi din xadimi kimi səciyyələndirilən Sinay Sinaqoqunun baş ravvini Devid Volpi dini ayinlərin müşayiəti ilə Tövratı Azərbaycan dağ yəhudi icmasına təqdim edib.
Gündüz İsmayılov, Yevda Abramov və Milix Yevdayev çıxış edərək, göstərilən diqqətə görə Los-Anceles yəhudi icmasına təşəkkürlərini bildiriblər. Çıxış edənlər, həmçinin Azərbaycanın yəhudi icmasının tarixi vətəni olduğunu diqqətə çatdıraraq, ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara, o cümlədən yəhudi icmasına daim yüksək ehtiram və dəstəyin göstərildiyini vurğulayıblar.
Qeyd edək ki, bu, ABŞ yəhudi icmasından Azərbaycan yəhudilərinə verilən ilk Tövratdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton