LOURENS ƏRƏBİSTANLININ ŞƏXSİ ƏŞYALARI AÇIQ SATIŞA ÇIXARILDI
Hər üç əşyaya başlanğıc qiymət kimi cəmi 16 min funt sterlinq qoyulmasına baxmayaraq, hərracçılar şübhə etmirdilər ki, Lourensin adı ilə bağlı nə varsa, baha satılacaqdır. Nəticədə mis İsveçrə kompası, mis portsiqar və ucuz fransız saatı hərracda telefonla iştirak edən anonim alıcıya qismət olmuşdur. O, başlanğıc qiymətdən 16,5 dəfə artıq ödəmişdir.
Lourens Ərəbistanlı (Tomas Edvard Lourens, 1888-1935) təhsilcə orta əsrlər tarixi mütəxəssisi idi, səlib yürüşlərinin tarixi ilə məşğul olurdu. Birinci Dünya müharibəsi başlanmazdan bir neçə il əvvəl əslində bütün Suriyanı pay-piyada gəzib-dolaşaraq, nəinki ərəb dilinə mükəmməl yiyələnmiş, həm də yerli əhalinin adət-ənənələri ilə tanış olmuşdur. Müharibə başlandıqda Britaniya hərbi kəşfiyyatı onun biliyinə ehtiyac duymuş və Lourensi əvvəlcə Fələstinə, sonra isə Misir və Ərəbistana göndərmişdir. Arxeoloji qazıntılar bəhanəsi ilə o, türklər əleyhinə casusluq etmiş və Osmanlı imperiyasına qarşı ərəb üsyanı deyilən qiyamın bilavasitə iştirakçısı olmuşdur.
Lourensin dostu Devid Louellin bir sıra hərbi reportajları, onun haqqında hələ 1918-ci ildə çəkilmiş film və özünün “Müdrikliyin yeddi əsası” kitabı onu xüsusilə məşhurlaşdırmışdır. Rejissor Devid Linin 1962-ci ildə çəkdiyi “Lourens Ərəbistanlı” adlı filmi isə onu pərəstiş obyektinə çevirmişdir. Bu film yeddi “Oskar” mükafatı almışdır.