İDMAN
Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın VİDEO
Bakı, 24 may, AZƏRTAC
UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar bir sıra tanınmış şəxslər, futbolçular bu böyük oyunu səbirsizliklə gözlədiklərini sosial şəbəkələr vasitəsilə bildirirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə bir çağırışı tanınmış futbolçu, Portuqaliya millisinin və “Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Luiş Fiqu verib.
Luiş Fiqu sosial şəbəkələr vasitəsilə futbolsevərlərə açıqlamasında deyib: “Əziz dostlar, beş gün sonra Bakıda möhtəşəm final oyunu olacaq. Mən orada olacağam. Bu şansı qaçırmayın”.
Tanınmış futbolçu 1991-2006-cı illərdə Portuqaliya millisinin heyətində keçirdiyi 127 oyunda 32 qol vurub. O, bir dəfə UEFA Çempionlar Liqasının (2002), iki dəfə isə UEFA Superkubokunun (1997, 2002) qalibi olub.
Xatırladaq ki, UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.