SİYASƏT
Makronun Münxen Konfransında səsləndirdiyi fikirlər Fransanın Cənubi Qafqaza gəlmək niyyətini göstərir – Politoloq
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 17-də 59-cu Münxen Təhlükəsizlik Konfransında Fransa Prezidenti Emmanuel Makronun “Fransa dünyada” adlı tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlər Fransanın Cənubi Qafqaza gəlmək niyyətindən xəbər verirdi. Düzdür, Konfransda Ukraynada baş verən hadisələrə diqqət ayrılsa da, həm də Qafqazla bağlı tezislər səsləndirildi. E.Makron aydın şəkildə Ermənistanı Rusiya qarşısında qoruyacağına söz verdi. Bu isə Nikol Paşinyan və Emmanuel Makron arasında gizli anlaşmanın olmasından xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
Politoloq deyib: “N.Paşinyan və E.Makron Fransanın Cənubi Qafqazda olmasını istəyir. Nəticədə isə Ermənistan nəhayət Rusiyanın himayəsindən çıxsın və Fransanın çətiri altına girsin. Amma Fransa Prezidenti anlamalıdır ki, bu prosesin olması ehtimalı çox aşağıdır. Çünki Fransa heç vaxt Cənubi Qafqazda ciddi rol oynamayıb və onun bu regionda bundan sonra önəmli fiqur olması da real deyil”.
Z.Məmmədovun fikrincə, E.Makron düşünə bilər ki, Avropa İttifaqının monitorinq missiyasını Ermənistana gətirməklə Fransanın regionda siyasi iştirakı genişlənəcək. Amma bu məsələ Ermənistanı daha da uçuruma yuvarlayır. Belə ki, bütün bunlar Ermənistanın bölünməsi və yaxud öz ərazisi olmayan yerlərdən çıxarılması ilə nəticələnə bilər.
Politoloq əlavə edib ki, dünən Münxendə təşkil edilən panellər zamanı Fransa yenə də anti-Rusiya xarakterli çıxışlarla yadda qaldı. Bundan da əlavə, E.Makron nə qədər Ermənistanı müdafiə etsə də, Fransanın maraqlarını qoruduğu məlum məsələdir. Bu da o deməkdir ki, Ermənistanın baş naziri planlarının ciddi şəkildə iflasa uğradığına şahidlik edəcək. Hətta bu, N.Paşinyanın öz həyatı bahasına da başa gələ bilər. Yaxşı olardı ki, Ermənistan Azərbaycanla sülh danışıqları üzərində işləsin, real addımlar atsın. Əks təqdirdə, Ermənistanın geosiyasi güclər arasındakı manevrləri onu Müstəqil Dövlətlər Birliyinin (MDB) bəzi ölkələrinin taleyi ilə üzləşdirə bilər.