İDMAN
Maksim Medvedev: İsveçlə oyunda uğurlu nəticə əldə etsək, inanıram ki, davamı gələcək
Bakı, 5 sentyabr, AZƏRTAC
“İsveç millisini məğlub etdiyimiz son matçdan sonra gördük ki, bu komandaya qarşı oynamaq olar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yığmanın sabiq üzvü Maksim Medvedev Azərbaycan seçməsinin Millətlər Liqasında İsveçə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
O, Azərbaycan millisinin bugünkü görüşdə uğurlu nəticə qazanacağına inandığını bildirib: “Hazırkı heyətə güvənirəm. Çünki futbolçuların potensialı yüksəkdir. Onlar yeni baş məşqçi Fernandu Santuşa özlərini sübut etməyə çalışacaqlar. Skandinaviya futbolu fiziki cəhətdən güclüdür. Rəqib də hava toplarında yaxşı mübarizə aparır. Düzdür, məşqçiləri dəyişsə də, inanmıram ki, oyun üslublarında böyük fərq olsun. Lakin rəqib və bizim taktikalarımız bu gün meydanda görünəcək”.
Vaxtilə yığmada kapitanlıq sarğısını daşıyan veteran futbolçu millinin sentyabrın 8-də səfərdə Slovakiya seçməsinə qarşı keçirəcəyi matç barədə də fikirlərini bölüşüb: “Fikrimcə, Slovakiya və İsveç eyni səviyyəli komandalardır. Ən önəmlisi bugünkü oyunda əldə olunacaq nəticədir. Buradan xalla ayrılsaq, slovakiyalılarla qarşılaşmaya yüksək əhvali-ruhiyyə ilə çıxa bilərik”.
M. Medvedev komandamızın Millətlər Liqasındakı şanslarını da dəyərləndirib: “Hər şey İsveçlə oyundan asılıdır. Startı yaxşı götürsək, uğurlu nəticələr əldə edə bilərik”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 20:00-da başlayacaq.