Malayziya mediasında Xocalı faciəsinə dair məqalələr dərc olunub
Pekin, 27 fevral, AZƏRTAC
Malayziyanın nüfuzlu media orqanlarında Xocalı soyqırımı ilə bağlı məqalə və müsahibələr yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Malayziyanın aparıcı media qurumlarından biri olan “Astro Awani”də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Dünya bir daha heç vaxt yaşamaması üçün Xocalı soyqırımı haqqında daha çox bilməlidir” sərlövhəli məqaləsi yayımlanıb. Yazıda ermənilərin Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti, erməni ekspansionist xülyaları, 1990-cı illərin əvvəllərində ərazilərimizin işğalı, Xocalı cinayətkarlarından bəzilərinin Bakıda məhkəmə prosesi, dünyada bu faciənin tanıdılması istiqamətindəki fəaliyyətlərdən bəhs olunur.
Azərbaycanın Malayziyadakı səfirliyinin birinci katibi Şəbnəm Kərimovanın “New Straits Times” qəzetindəki “Ədalət naminə Xocalı qətliamının günahkarları cavab verməlidirlər” məqaləsində qanlı faciə haqqında ətraflı məlumat verilir, bu kimi insanlıq əleyhinə cinayətlərin bir daha yaşanmaması üçün lazımi tədbirlərin zəruriliyinə diqqət çəkilir.
Malay dilində yayımlanan ən nüfuzlu nəşrlərdən olan “Berita Harian” qəzetində Malaya Universitetinin doktorantı Elçin Hüseynov ilə müsahibə əsasında təqdim olunan “Xocalı soyqırımı, azərbaycanlılar onun acısını 3 onillikdən sonra hələ də hiss edirlər” adlı geniş məqalə yayımlanıb. Gənc alim müsahibədə Xocalı soyqırımının tarixi və səbəbləri, regionumuzda erməni probleminin yaradılması, süni erməni dövlətinin yaradıldıqdan sonra genişləndirilməsi, Qarabağ probleminin əsl mahiyyəti, məqsədyönlü şəkildə uzadılan həll prosesi, 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfəri və davam edən proseslər haqqında əsaslar gətirərək məlumat verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin