Malayziya qəzeti bu ölkənin Azərbaycanla dostluq münasibətlərindən bəhs edən məqalə yayıb
Tokio, 7 sentyabr, AZƏRTAC
Malaya Universitetinin professoru Roy Antoni Rogers tərəfindən “Sinar Harian” qəzetində “Malayziya Azərbaycanın gözündə” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın bu ölkədəki səfiri, Malayziyada fəaliyyət göstərən diplomatik korpusun duayeni Qaley Allahverdiyevə istinadən bu dövlətin iqtisadi inkişafına görə Cənub-Şərqi Asiyanın ən qabaqcıl ölkələrindən olduğu, sürətli inkişaf modeli hesab edildiyi vurğulanıb. Qeyd olunub ki, Malayziya və Azərbaycan coğrafi baxımdan fərqli regionlarda yerləşsələr də, bir sıra ortaq dəyərlərə sahibdirlər. Dini mənsubiyyətinə görə əhalisinin əksəriyyəti müsəlmanlar olan bu iki ölkənin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, rəsmi Bakı və Kuala Lumpurun qarşılıqlı maraq doğuran məsələlərdə ortaq mövqe nümayiş etdirdikləri diqqətə çatdırılıb. Həmçinin Qoşulmama Hərəkatının ötən il Bakıda keçirilən XVIII Zirvə Görüşündə Malayziyanın Baş Naziri Mahathir Məhəmmədin iştirak etdiyi, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək ikitərəfli əməkdaşlığın daha da inkişafına dair fikir mübadiləsi aparıldığı qeyd olunub. Malayziyanın isə öz növbəsində Azərbaycanı Qafqazın və Mərkəzi Asiyanın lider dövləti olaraq gördüyü vurğulanıb.
Müəllif zəngin karbohidrogen və təbii ehtiyatlara malik ölkəmizin əlverişli coğrafi mövqeyinə və regionda artan nüfuzuna diqqət çəkib, Azərbaycanın iştirakı ilə həyata keçirilən bir sıra beynəlxalq və regional əhəmiyyətli enerji, nəqliyyat layihələri barədə məlumat verib, son illərdə neft-qaz sahəsi ilə yanaşı, iqtisadiyyatda qeyri-neft sektorunun da payının artdığını qeyd edib.
Ölkəmizin müasir tarixinə nəzər salan müəllif ötən əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, əsrin sonlarında isə müstəqilliyini bərpa etdiyini bildirib. Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin 1993-cü ildən qurulduğunu, 2007-ci ildən ölkəmizin Kuala Lumpurda, 2014-cü ildən isə Malayziyanın Bakıda səfirliklərinin fəaliyyətə başladığı qeyd edilib.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu, Malayziyanın “Petronas” şirkəti tərəfindən Azərbaycanın enerji sektoruna indiyədək təqribən 5 milyard ABŞ dolları məbləğində investisiya qoyulduğu məqalədə öz əksini tapıb. Qeyd olunub ki, 2014-cü ildə Malayziyanın milli neft şirkəti “Petronas” Norveçin “Statoil” şirkətinin Azərbaycanın “Şahdəniz” yatağındakı 15,5 faiz iştirak payını və Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsindəki 12,4 faiz payını əldə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan müəllif Malayziyanın problemin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyini bildirib. Xüsusilə 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Malayziyanın təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamənin qəbul olunduğu qeyd edilib. Cari ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə törətdiyi təxribatla əlaqədar Malayziya parlamentində Malayziya-Azərbaycan dostluq qrupunun ölkəmizə güclü dəstək ifadə edən bəyanatın qəbul olunduğu oxucuların diqqətinə çatdırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur