Masallıda “Ulu Öndərin milli dəyərlərə, adət və ənənələrə verdiyi qiymət” mövzusunda tədbir keçirilib
Masallı, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 17-də Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə “Ulu Öndərin milli dəyərlərə, adət və ənənələrə verdiyi qiymət” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılıb. Bu, o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Ümummilli lider Heydər Əliyev Novruzu həm də milli birlik bayramı adlandırırdı: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıb. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”.
Diqqətə çatdırılıb ki, BMT tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirib.
Tədbirin sonunda iştirakçılar mərkəzdə təşkil edilən Novruz bayramı ilə əlaqədar sərgi ilə tanış olublar.