Masallıda “Zəfər günün mübarək, Azərbaycan əsgəri!” mövzusunda onlayn konfrans keçirilib
Masallı, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 9-da Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbəyə həsr olunmuş “Zəfər günün mübarək, Azərbaycan əsgəri!” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov konfrans iştirakçılarını rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbə münasibətilə təbrik edib.
Qeyd olunub ki, sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına cavab olaraq zəfər yürüşünə başlayan və 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri də daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, düşməni Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər qazandı.
Onlayn konfransda Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsini icra edən Tural Sadıqov, Masallı Rayon Gənclər və İdman İdarəsinin könüllülərinin sədri İslam Ərzullazadə, gənc müəllim Rövşən Muxtarov çıxışlarında qeyd ediblər ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması Vətən müharibəsinin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Qazanılan Böyük Qələbə təkcə silahın gücü deyil, həm də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin milli maraqlarına söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu qələbə bizim birliyimizin, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir!