“Masdar” metanoldan hazırlanan aviasiya yanacağının sınağını keçirib
Bakı, 7 dekabr, AZƏRTAC
Metanolun SAF-a (davamlı aviasiya yanacağına) çevrilmə potensialını nümayiş etdirmək üçün ilk sınaq uçuşu COP28 iqlim sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutub. Bu sınaqla “Masdar”, “TotalEnergies” şirkətləri, BƏƏ Baş Mülki Aviasiya İdarəsi, “Airbus”, “Falcon Aviation Services” və texnoloji lisenziya verən “Axens” uğurlu uçuşa öz töhfələrini veriblər.
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, 2016-cı ildə təyyarə yanacağı üçün beynəlxalq standartlara cavab verən alkoqoldan hazırlanmış Sintetik Parafin Kerosini (ATJ-SPK) sertifikatlaşdırılıb, lakin metanol müəyyən edilmiş spirtlər siyahısında deyil. Olefinlərdən hazırlanmış aviasiya yanacağının qarışığından istifadə edilən uçuş, metanoldan SAF istehsalı üçün bu yeni metodun sertifikatlaşdırılmasına kömək edəcək.
Bərpa olunan elektrik enerjisindən əldə edilmə potensialı ilə paralel şəkildə hazırlanan yeni metod aviasiyanı karbondan təmizləmək üçün bütün dünyada SAF istehsalı problemini həll etmək üçün vacib bir vasitə olan “eSAF”a gətirib çıxara bilər.
“Masdar” şirkətinin baş direktoru Mohamed Camil Əl-Ramahi bununla bağlı deyib: "Davamlı aviasiya yanacağı üçün Dubay Çərçivəsinin istifadəyə verilməsi aviasiyada daha dayanıqlı gələcəyə doğru gedən yolda mühüm addım idi. Bu sınaq uçuşu “Masdar”ın və “TotalEnergies” şirkətinin ümumi ambisiyasını nümayiş etdirir. Biz SAF-ın inkişafını sürətləndirmək və aviasiya sənayesini karbonsuzlaşdırmaq üçün davam edən səylərdə başqa bir seçim təmin edirik. SAF aviasiya sektorunda azaldılması çətin olan karbon emissiyalarını minimuma endirmək üçün böyük potensiala malikdir. “Masdar” bu sektorun inkişafını və böyüməsini dəstəkləməkdən qürur duyur. Bu sahədə bir neçə strateji tərəfdaşlıq qurmağımız bizim öhdəliyə uyğundur”.
“TotalEnergies”in baş icraçı direktoru Patrik Pouyanné bildirib: “TotalEnergies” şirkəti “Masdar” ilə birlikdə bu ilk prosesə başlamaqdan məmnundur. Sənaye və enerji şirkətləri olaraq, bizim kollektiv işimiz hazırda işlənmiş yemək yağından istehsal olunan SAF-ı tamamlaya biləcək yeni nəsil təmiz aviasiya yanacaqları üzərində çalışmaqdır. “e-SAF” vasitəsilə təyyarə yanacağına aparan bu yeni yol aviasiya sənayesinin karbonsuzlaşdırılmasını dəstəkləmək üçün çox vacibdir”.
Davamlı aviasiya yanacağı hava nəqliyyatının CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün mövcud həll yoludur. SAF, həmçinin hazırkı saxlama və yanacaq doldurma infrastrukturunu, təyyarələri və ya mühərrikləri dəyişdirmədən yanacaq kimi istifadə edilə bilər. Onun tədricən dünya miqyasında yayılması hava nəqliyyatının CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa kömək etməlidir, çünki bioreaktiv yanacaq tullantı və qalıqlardan istehsal edildikdə, orta hesabla 80 faiz daha az CO2 emissiyası yaradır. “eSAF” bərpa olunan enerjidən əldə edilən sintetik yanacaqdır və reaktiv mühərriklərə uyğundur, eyni zamanda, kerosinə adekvat keyfiyyətə malikdir.