CƏMİYYƏT
MDB-nin iştirakçısı olan dövlətlərin vərəmlə mübarizədə nailiyyətləri qeyd olunub
![MDB-nin iştirakçısı olan dövlətlərin vərəmlə mübarizədə nailiyyətləri qeyd olunub](/files/2023/3/1200x630/17001292642681053008_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
MDB-nin Səhiyyə sahəsində Əməkdaşlıq üzrə Şurasının Bişkekdə Qırğızıstanın sədrliyi ilə keçirilən iclasında Birliyin iştirakçısı olan dövlətlərin vərəmlə mübarizədə nailiyyətləri müzakirə olunub. AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, bu xəstəliyə yoluxma və onunla bağlı ölüm hallarının əhəmiyyətli dərəcədə azalması, eləcə də xəstələrin diaqnostikası və tibbi xidmətinin yaxşılaşdırılması qeyd edilib.
MDB-nin iştirakçısı olan dövlətlərin HİV/AİDS, vərəm və malyariya problemləri üzrə Koordinasiya Şurasının nəzdində vərəm üzrə İşçi qrupunun üzvü, belarusiyalı Janna Saprıkina vərəmin yeni müalicə üsullarının uğurlu tətbiqini və regionda video nəzarət olunan müalicənin əlçatanlığını qeyd edib.
Bu nailiyyətlər MDB-nin iştirakçısı olan dövlətlərin vərəmlə mübarizədə apardıqları ciddi işdən xəbər verir. Yeni müalicə üsullarının uğurlu tətbiqi və müasir müalicə texnologiyalarının əlçatanlığı regionda vərəmlə bağlı vəziyyətin yaxşılaşdırılmasında mühüm addımlardır.
Vərəmlə mübarizə səhiyyə sahəsində ən prioritet məsələlərdən biri olaraq qalır, MDB-nin iştirakçısı olan dövlətlər bu istiqamətdə səyləri davam etdirəcəklər. Məlumatda, bu xəstəliklə səmərəli mübarizə aparmaq üçün təcrübə mübadiləsi və birgə layihələrin dəstəklənməsinin vacibliyi vurğulanır.