MDB ÖLKƏLƏRİ ARASINDA İNFORMASİYA MÜBADİLƏSİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
İclas iştirakçıları çıxışlarında MDB ölkələri arasında informasiya mübadiləsini sahmanlamaq işini gücləndirməyin zəruriliyini vurğulamış və millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin rolunun yüksəldilməsi üçün görüləcək tədbirləri müzakirə etmişlər.
Çıxış edənlər “Mir” Dövlətlərarası Teleşirkətinin fəaliyyətinin təmin edilməsi haqqında qanun layihəsinə yaxın vaxtlarda baxılmasına tərəfdar olduqlarını söyləmişlər. Çünki bu şirkət MDB ölkələri arasında əsas informasiya körpüsü ola bilər.
İclasda həmçinin açıqlanmışdır ki, Rusiya teleradio yayım şəbəkəsi (RTRŞ) iki peyki orbitə buraxmağa hazırlayır. Onlar bütün MDB ərazisini əhatə edəcək və üzv dövlətlərə teleproqramların mübadiləsini aparmaq imkanı verəcəkdir. RTRŞ-nin baş direktoru Q.Sklyar bu barədə məlumat verərək demişdir ki, həmin peyklər buraxıldıqdan sonra təkcə Rusiyadan deyil, həm də MDB ölkələrindən Rusiyaya proqramların informasiya mübadiləsi, habelə ölkələrin özləri arasında mübadilə aparılması mümkün olacaqdır.
Natiqlər Rusiya telekanallarının bəzi MDB ölkələrinin ərazilərinə yayımlanması üzərində məhdudiyyət qoyulması ilə əlaqədar narahatlığını da bildirdilər. Belə bir fikir səsləndi ki, MDB ölkələri arasında informasiya mübadiləsi qaydaya salınarkən onların hamısının mənafeləri nəzərə alınmalı və Rusiya təkcə öz informasiya məhsullarını Birlik ərazisinə yaymamalı, həm də digər ölkələrin informasiya məhsullarından istifadə etməlidir.