MƏCBURİ KÖÇKÜNLƏRƏ DÖVLƏT QAYĞISININ DAHA BİR TƏZAHÜRÜ
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qərar 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu qərara əsasən, sadalanan kateqoriyaya orta aylıq əməkhaqqı verilməsi müddəti bu il dekabrın 30-dək uzadılmışdır. Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, digər aidiyyəti dövlət orqanları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri həmin adamların dəqiqləşdirilmiş siyahılarını 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər. Adı çəkilən qurumlar pensiya yaşına çatmayan məcburi köçkünlərin müvafiq işlə təmin olunmasının başa çatdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə konkret tədbir həyata keçirməli, görülmüş işlər barədə Nazirlər Kabinetinə hesabat təqdim etməlidirlər.
Qərarda, həmçinin göstərilir ki, işğaldan sonrakı dövrdə respublikanın ayrı-ayrı regionlarında müvəqqəti məskunlaşmış və işlə təmin olunmuş məcburi köçkünə öz ərizəsi ilə işdən çıxdıqda, həmçinin öz ixtisası üzrə ona təklif olunan işdən imtina etdikdə orta aylıq əməkhaqqının verilməsi dayandırılır. Bununla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin 2007-ci il yanvarın 1-dən başlayaraq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət yardımını alması üçün tədbirlər həyata keçirməlidir.
Xatırladaq ki, məcburi köçkünlərə nəzərdə tutulmuş orta aylıq əməkhaqqının bu il yanvarın 1-dən etibarən verilməsi əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təsdiq edilmiş siyahılar əsasında “Kapital Bank” Səhmdar Bankının yerli filialları vasitəsilə təmin ediləcəkdir.