“Mədəni irs davamlı sosial inkişafın əsası” mövzusunda seminar keçirilmişdir
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Azərbaycan Turizm İnstitutunda (ATİ) mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin sabiq baş direktoru, İtaliyanın Romualdo del Bianko Fondunun xarici əlaqələr üzrə əlaqələndiricisi Mark Leananın moderatorluğu ilə “Mədəni irs davamlı sosial inkişafın əsası” mövzusunda seminar keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, turizm və irs sahələri üzrə ixtisaslaşan tələbələr və mütəxəssislər üçün keçirilən seminar “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusunda Beynəlxalq Bakı konfransı çərçivəsində reallaşmışdır.
Tədbirdə mədəni turizmin və irsin davamlı sosial inkişafın dinamikasına təsirləri ilə bağlı müzakirələr aparılmış, bu sahə üzrə dünyada ən parlaq nümunələr barədə məlumat verilmiş, eyni zamanda, irsin innovativ metodlarla idarə olunması və inkişafı ilə bağlı nümunələr təhlil edilmişdir.
“Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusunda Beynəlxalq Bakı konfransı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanları olan İCCROM və İCOMOS təşkilatları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo del Bianko Fondunun birgə tərəfdaşlığı ilə keçirilir.
Konfransın açılış mərasimi aprelin 27-də olacaqdır.