MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Sənədləri Azərbaycan tərəfdən mədəniyyət naziri Polad Bülbüloğlu, Yaponiya tərəfdən isə həmin ölkənin Bakıdakı səfiri Toşiyuki Fucivara imzalamışlar.
Sənədləri imzalamazdan əvvəl nazir Polad Bülbüloğlu Mədəniyyət Nazirliyinin əməkdaşları adından ölkəmizdə mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıya görə Yaponiya hökumətinə dərin minnətdarlığını bildirmişdir.
Nazir vurğulamışdır ki, Azərbaycan Dövlət simfonik orkestri müsiqi nömrələrini hazırda Yaponiyanın qrantı ilə bu ölkənin “Yamaha” firmasında hazırlanmış alətlərlə ifa edir. Bu yaxınlarda mədəniyyət müəssisələrinin təmirinə də Yaponiya hökuməti qrant ayırmışdır. Bundan əlavə, Yaponiya daha bir problemimizin həllində - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını müasir işıqlandırma avadanlığı ilə təmin etmək üçün ölkəmizə təmannasız yardım göstərməyi qərara almışdır.
Tədbirdə Yaponiya hökumətinin ünvanına söylənilən xoş sözlər üçün təşəkkürünü bildirən səfir T.Fucivara demişdir ki, biz bir neçə ildən sonra Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına çıxacağına əminik. Həmin vaxta qədər bu ölkəyə öz köməyimizi əsirgəməyəcəyik.
Sonra mərasimdə kütləvi informasiya vasitələrinin çoxsaylı suallarına cavab verilmişdir.
Sənədlərin imzalanması mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov iştirak etmişlər.