Mədəniyyət ocaqlarında şəhidlərimizin xatirəsi anılıb
Bakı, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan tədris və mədəniyyət ocaqlarında çoxsaylı tədbirlər keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, qurumun nəzdində fəaliyyət göstərən “İstedad Mərkəzi” Muzey Mərkəzində hüzn gününə həsr olunmuş konsert təqdim edilib. 3 nömrəli uşaq incəsənət məktəbində keçirilmış “20 Yanvar tariximizin silinməz yaddaşı” adlı tədbirdə məktəbin bütün şöbələri üzrə olan şagirdləri qanlı faciəyə həsr olunmuş əsərlərlə çıxış ediblər.
Həmçinin, Binəqədi mərkəzi mədəniyyət evində “Şanlı tariximiz”, H.Abbasov adına mədəniyyət evi, Nardaran qəsəbə klubu və Bilgəh qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə 108 nömrəli tam orta məktəbdə “Qanlı Yanvar qan yaddaşımız”, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 158 nömrəli tam orta məktəblə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz”, Mərdəkan mədəniyyət sarayında “Ağlama şəhid balası” adlı kompozisiya və tədbirlər keçirilib.
Ümumiyyətlə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində 126 tədbir təşkil edilib. Tədbirlərin keçirilməsində məqsəd, Vətən övladlarının anılması ilə yanaşı, gənc nəslin Azərbaycanın müstəqilliyi uğrunda qəhrəman oğulların keçdiyi kəşməkəşli yolların yaddaşlara həkk olunması və vətənpərvərlik hisslərinin aşılanmasıdır.